Avropa Könüllülük Xidməti (EVS - European Voluntary Service) 2013-cü ildə Avropa İttifaqı tərəfindən qəbul edilmiş ERASMUS+ Proqramının əsas istiqamətlərindən biridir. Avropa Könüllülük Xidməti  gənclərin Avropa ölkələrində 2 həftədən 12 aya qədər müddətdə müxtəlif layihələrdə könüllü fəaliyyət göstərməsini və bu yolla özünü inkişaf etdirməsi məqsədini daşıyan gənclik proqramıdır.

Avropa Könüllülük Xidməti layihələri qısa (2 həftə-2 ay) və uzun müddətli (2-12 ay) olmaqla gənclərə Avropa ölkələrində könüllü olmaq fürsəti qazandırır. Avropa Könüllülük Xidmətində könüllülərin göndərilməsi və qəbul edilməsi təşkilatlar tərəfindən həyata keçirilir. Proqramda iştirak etmək üçün təşkilatlar Avropa Könüllülük Xidmətinin akkreditasiyasından keçməlidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildən bəri Avropa Könüllülük Xidmətinin göndərən və qəbul edən təşkilat akkreditasiyasına sahibdir. ARGTMŞ Azərbaycan gənclərinə Avropa Könüllülük Xidmətində iştirak etmək şansını qazandırır.

 

 

        Avropa Könüllülük Xidməti gənclərə nə qazandırır?   

 

  • Gənclər Avropa Könüllülük Xidməti layihələrində iştirak   etməklə təcrübə qazanır, həmçinin yeni dil, mədəniyyət və insanlarla tanış olur;
  • Gənclər şəxsi keyfiyyətlər, peşəkar vərdişlər və yeni bacarıqlarını inkişaf etdirmək şansını qazanır;
  • “Mədəniyyət gecələri” və şəxsi təşəbbüslərlə öz ölkəsinin mədəniyyətini Avropa ölkələrində tanıtmaq şansı əldə edir;
  • Layihə ərzində ayrılmış günlər (həftə sonu və hər ay üçün 2 gün) çərçivəsində həmin ölkə və ya qonşu ölkələri  səyahət etmək şansı qazanır;
  • Könüllülər layihə bitdikdən sonra qazandıqları təcrübəni təsdiq edən “Youthpass” sertifikatı ilə təltif olunur.

        

 

          Avropa Könüllülük Xidmətində iştirak etməyin şərtləri nələrdir?

 

  • Avropa Könüllülük Xidmətinə 18-30 yaş arası və ingilis dili biliyi ən azı orta səviyyədə olan bütün gənclər müraciət edə bilər.

 

  • Gənclər yalnız 1 dəfə EVS layihəsində iştirak edə bilərlər. İstisna olaraq, gənc daha öncə qısa müddətli (2 aya qədər) layihədə iştirak edibsə, həmin layihənin müddəti ilə yenidən iştirak edəcəyi layihənin müddətinin cəmi 12 aydan çox olmamalıdır. 

 

 

       Avropa Könüllülük Xidmətinə necə qoşulmaq olar?

 

  • Avropa Könüllülük Xidmətinə qoşulmaq üçün ilk öncə EVS haqqında ətraflı məlumat almaq lazımdır.  EVS haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz. http://europeanvoluntaryservice.org/

 

  • Daha sonra proqrama qoşulmaq istəyən gənclər EVS akkreditasiyası olan göndərən təşkilat (sending organization) tapmalıdır. Gənclər Azərbaycanda göndərən təşkilat akkreditasiyasına malik təşkilatları http://europa.eu/youth/evs_database web saytı vasitəsi ilə tapıb əlaqə saxlaya bilərlər.

 

  • Qeyd: ARGTMŞ 2013-cü ildən göndərən təşkilat akkreditasiyasına sahibdir. Bugünə kimi bir çox Azərbaycan gəncinin Avropa ölkələrində könüllü fəaliyyətini təmin edib. Proqram barədə daha ətraflı məlumat almaq və proqramda iştirak üçün international@nayora.az elektron ünvanı vasitəsi ilə bizimlə əlaqə yarada bilərsiniz.

 

  • Növbəti mərhələdə gənclər http://europa.eu/youth/vp/opportunity_list web saytından uyğun layihəni tapıb, göndərən təşkilat (sending organization) vasitəsi ilə qəbul edən təşkilatla əlaqə saxlamalıdır.

 

 

 

Avropa Könüllülük Xidməti ilə bağlı daha nələri bilməlisiniz?

 

  • Gənc müraciət etdikdən sonra layihədə iştirak üçün haqq qazanacağı təqdirdə növbəti mərhələlərdə:

 

  • İştirakçı üçün göndərən (sending) və qəbul edən (hosting) təşkilatlar tərəfindən koordinatorlar təyin olunur
  • Qəbul edən təşkilat tərəfindən “Mentor – məsləhətçi”  lazımi məlumatlar əldə etmək üçün məsul şəxs təyin olunur
  • Yuxarıdakı vəzifəli şəxslərdən başqa könüllülərə bir sıra məsələlərlə bağlı akkreditə olunan ölkədəki Yerli Agentliklə (National Agency) əlaqə qurmaq üçün kontaktlar verilir

 

  • Könüllü olacaq iştirakçı ilə layihə ərzində uyğun olaraq aşağıdakı təlimlər keçirilir:

 

  • Ön hazırlıq təlimi (Pre-departure)
  • Başlanğıc təlimlər (On-arrival)
  • Aralıq təlimlər (Midterm)
  • Yekun dəyərləndirmə təlimi (Final Evaluation)

 

  • Avropa Könüllülük Xidmətinə aid deyil:

 

  • Yarımştat könüllülük
  • Əməkhaqqı
  • Turistik səyahət
  • Dil kursu
  • İş tapmaq üçün şans

 

  • Avropa Könüllülük Xidməti iştirakçılar üçün təşkil edir:

 

  • Məsafədən asılı olaraq hesablanan səyahət xərcləri
  • Yaşayış xərcləri
  • Qida xərcləri
  • Nəqliyyat xərcləri
  • Cib xərcliyi
  • Beynəlxalq sığorta (AXA)
  • Viza dəstəyi və xərcləri
  • Xüsusi ehtiyaclar üçün xərclər (dərman və s.)
  • Könüllülük müqaviləsi

 

Əziz gənclər, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası sizləri Avropa Könüllülük Xidmətinə qoşulmağa dəvət edir. Siz də Avropada könüllü olaraq təcrübə, yeni biliklər, yeni dostlar qazanmaq və gəncliyinizə rəng qatmaq istəyirsinizsə, Avropa Könüllülük Xidmətinə qoşulun. Proqramda iştirak etmək və ətraflı məlumat almaq üçün bizə müraciət edə bilərsiniz.

 

Əlaqələndirici şəxs: İlhamə Qasımzadə
Vəzifə: Avropa Könüllülük Xidmətinin koordinatoru
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Suleyman Rüstəm küç. 15H