Hörmətli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər,

Sizi 1-31 avqust tarixlərində baş tutacaq və ölkənin 5 regionunu əhatə edəcək “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində həyata keçirilən Mübadilə Proqramında iştirak etməyə dəvət edirik.

Mübadilə Proqramı Quba, Gəncə, Lənkaran, Mingəçevir və Balakən olmaqla 5 müxtəlif regionda 5 fəal gəncin iştirakı ilə 1 ay müddətində həyata keçiriləcəkdir. Proqram Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir. Proqramın tərəfdaşları adı çəkilən şəhər və rayonların İcra Hakimiyyətləri, Gənclər və İdman İdarələri və Gənclər Evləridir.

Mübadilənin hədəf qrupuna 18-29 yaş aralığında olan fəal könüllü gənclər və Gənclər Təşkilatları Milli Şurasında təcrübə keçən gənc könüllülər daxildir.

“Azərbaycan Könüllülük Xidməti” çərçivəsində mübadilənin keçirilmə məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülük fəaliyyətinə həvəsləndirilməsi və onlar arasında könüllülük fəlsəfəsinin inkişafına təkan verilməsidir.

Mübadilənin vəzifələri Azərbaycanın regionlarını əhatə etməklə regionlar arasında gənc könüllülərin mübadiləsini təşkil etmək, könüllülər, Gənclər Evləri, təşkilatlar, dövlət qurumları və digər qurumlar arasında körpü rolu oynayan mexanizm, metodologiya, platformanın inkişafı, Gənclər evlərinin könüllülərlə əməkdaşlıq imkanlarını genişləndirmək, könüllülərin mübadilə çərçivəsində şəxsi və peşəkar inkişafının təmin edilməsi və gənclərin işsizlik probleminin aradan qaldırımılsına və karyera quruculuğuna dəstək verilməsidir.

Mübadilə Proqramında iştirak edəcək gənc könüllülərin əldə edəcəkləri aşağıdakılardır:

·         1 ay müddətində digər regiona səyahət edib orada yerləşən Gənclər Evində fəaliyyət göstərmək.

·         Könüllülük sahəsində təcrübə qazanmaq;

·         Bacarıqlarını inkişaf etdirmək;

·         Yeni insanlarla tanış olmaq və yeni dostlar qazanmaq;

·         Səmərəli vaxt keçirtmək;

·         Gələcəkdə uğurlu karyera qurmaq imkanı;

·         Müxtəlif mühitdə çalışmaq imkanı;

·         Hər bir könüllüyə layihənin sonunda ARGTMŞ tərəfindən tövsiyə məktubu və sertifikat verilir.

Mübadilə Proqramında iştirak edəcək gənclərin bütün yaşayış, yemək, nəqliyyat xərcləri təşkilatçılar tərəfindən ödənilir. Hər bir iştirakçı xüsusi brendləşdirilmiş iştirakçı paketi və könüllülük siğortası ilə təmin olunacaqdır.

Mübadilənin həyata keçirilmə müddəti: 01.08.2017  -  31.08.2017

Qeydiyyat üçün son gün 17.07.2017

Qeyd edək ki, “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Həmin ildə Milli Şura Proqram çərçivəsində 10 gənclər təşkilatını Milli Akreditasiya Sertifikatı ilə təmin edib. Proqram çərçivəsində beynəlxalq təlimçilərin iştirakı ilə təlimlər həyata keçirilmiş, yay məktəbləri baş tutmuşdur. 2014-cü ildən etibarən 15 Gənclər Evi və Mərkəzlərində  20 könüllünün iştirakı ilə Mübadilə Proqramı təşkil olunmuşdur. Bu gənclər arasında “Azərbaycan Könüllülük Xidməti” Proqramı tərəfindən ilk dəfə olaraq “İlin Könüllüsü” nominasiyası üzrə mükafatlandırma mərasimi həyata keçirilib.

Vaxt: 01-31.08.2017-ci il

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H