Gənclər Təşkilatları Milli Şurasının Azərbaycanda əlaqələndiricisi olduğu “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində “22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü” ərəfəsində Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində həlak olan və nifrət qurbanı olan 2 yaşlı Quliyeva Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi elan olunub.

Müsabiqə “Uşaqlar - nifrət cinayəti qurbanları kimi” mövzusunda təşkil olunur. Müsabiqənin məqsədi dünyada hər gün balaca Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşaqların üzləşdiyi çətinlikləri dünyaya çatdımaqdır. Müsabiqənin əsas şüarı və leytmotivi kimi rəssam və dizaynerlərə "Oyun meydançası Ölüm meydançası deyil!" ("Playground is not a Deathground!") istifadə etməsi təklif olunur. 

Müsabiqə nəticəsində təqdim olunan posterlərdən ən uğurluları seçilərək, müəllif hüquqları qorunmaqla, elektron albom hazırlanancaq və Avropa Şurasının üzv ölkələrinə, Avropa Şurası Parlament Assambleyasının deputatlarına, İnsan Hüquqları, Uşaq Hüquqları üzrə çalışan təşkilatlar, xarici gənclər təşkilatları və beynəlxalq qurumlara göndəriləcək və mediada yayımlanacaqdır.

Müsabiqə bütün həvəskar və ya peşəkar dizaynerlər üçün açıqdır və iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Müsabiqənin şərtləri:

  • Təqdim olunacaq işlər şəxsin özünə məxsus olmalıdır. Müəlliflik hüquqları pozulduqda müraciətçinin iştirakı qeydə alınmayacaq və müsabiqədən uzaqlaşdırılacaqdır;
  • Hazırlanan işlər yüksək keyfiyyətli JPEG və PDF formatında təqdim olunmalıdır;
  • Hazırlanmış işlər ağ-qara formatında olmalıdır, az miqdarda müxtəlif rənglərdən istifadə oluna bilər;
  • Posterlər “Uşaqlar-Nifrət cinayəti qurbanı kimi” mövzusunda olmalı, cəbhə bölgələri və konfliktli ərazilərdə yaşayan uşaqların gündəlik üzləşdiyi çətinlik və problemləri əks etdirməlidir. Posterlər uşaqların təhlükəsizliyi və uşaq hüquqlarının qorunmasına çağırış xarakteri daşımaldır;
  • Təqdim olunacaq posterlərdə siyasi atributlardan (bayraqlar, xəritələr, ölkələrin əraziləri və s) və nifrət nitqindən istifadə olunmamalıdır.

Müsabiqə üçün təqdim olunacaq materiallar 19 İyul 2017-ci il tarixində saat 23:59-a kimi elektron formatda international@nayora.az e-mailinə göndərilməlidir.

Qeyd edək ki, “22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü”nün əsas məqsədi nifrət nitqi hədəfinə çevrilən və ondan əziyyət çəkən insanları tanımaq, yerli və beynəlxalq səviyyədə nifrət nitqi qurbanları və insan hüquqları haqqında məlumatlılığı artırmaqdır.


Nifrət qurbanları nifrət əsaslı və nifrət nitqi nəticəsində nifrət cinayətinə uğramış, fiziki və mənəvi həsarət alan şəxslərdir. Bilindiyi kimi, dünyada cəbhə bölgələrində və konfliktli ərazilərdə yaşayan sakinlər bir çox hallarda nifrət nitqi və nifrət cinayəti ilə üzləşirlər.  Beləki, 2017-ci il 4 İyul tarixində Ermənistan Silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra həlak olmuş və nifrət cinayətinin qurbanlarına çevrilmişlər.

Xatırladaq ki, "Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən "Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası "Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının "No Hate Speech Movement” - "Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib.

Əlaqələndirici şəxs: Aysun Zeynalova
Vəzifə: Sədr müavini
Mobil tel: 077 421 11 32
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H