Hörmətli gənclər təşkilatlarının rəhbərləri,

Sizi, 19 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası  tərəfindən Bakı şəhərində həyata keçiriləcək Gənclər Təşkilatlarının III Milli Konqrensində iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edirik.

Gənclər Təşkilatlarının III Milli Konqresi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının “5.2.19. Gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq” bəndinin icrası çərçivəsində həyata keçirilir. Konqresin keçirilməsinin əsas məqsədi ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək və həyata keçirilən gənclər siyasəti, habelə gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin effektiv mexanizmlərin yaradılması haqqında müzakirələr aparmaq, prioritet istiqamətlər və vəzifələr barədə qərarlar qəbul etmək, ümumilikdə isə gəncliyin inkişafına töhfə verməkdən ibarətdir.

Gənclər təşkilatları dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, vətəndaş cəmiyyətinin qurulmasında gənclərin iştirakını şərtləndirən əsas ictimai strukturdur. Təcrübə göstərir ki, gənclər təşkilatlarda birləşərək öz imkan və bacarıqlarını konkret istiqamətlər üzrə səfərbər etməklə həm öz mənini axtarıb tapır, həm bir fərd kimi inkişaf edir, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısı olurlar. Gənclər təşkilatlarda birləşməklə asudə vaxtlarını ictimai faydalı işlərə sərf edir və onların məşğulluğu təmin edilir. Məhz bu səbəbdən gənclər təşkilatları ilə işin təşkili və bu istiqamətə dövlətin diqqət göstərməsi gələcək nəslin hərtərəfli inkişafını köklü şəkildə təmin etmiş olur.

Konqresdə 200-dən çox gənclər təşkilatlarının nümayəndələri, dövlət rəsmiləri, KİV və beynəlxalq qurumların nümayəndələrinin  iştirakı nəzərdə tutulmuşdur.

Konqres zamanı gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı rəsmilərin və aparıcı gənclər təşkilatlarının nümayəndələrinin çıxışları dinləniləcək, gənclər təşkilatlarını narahat edən ən vacib mövzular müzakirə olunacaq.

Qeyd etmək lazımdır ki, Konqresin keçirilməsi haqqında təşəbbüs ilk dəfə 2012-ci ilin noyabrında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə  2013-cü il, ikinci dəfə isə 2015-ci ildə Bakı şəhərində ölkənin 11 regionundan 200-dən artıq gənclər təşkilatının nümayəndələri, eləcə də beynəlxalq qurumların nümayəndələri iştirakı ilə həyata keçirilmişdir

Konqresdə iştirak etmək üçün son qeydiyyat tarixi 15 dekabr 2017-ci il saat 12:00-dur.

Məkan: "Pullman" Mehmanxanası (keçmiş Kempinski Mehmanxanası), Auditorium zalı 

 

 

Əlaqələndirici şəxs: Samir Mehraliyev
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 40
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H