“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində gənclərin informasiya texnologiyaları üzrə biliklərinin artırılmasına və onlardan istifadə imkanlarının genişləndirilməsinə xüsusi diqqət ayrılır. Gənclər arasında elektron hökumət həllərindən istifadənin təbliği bu istiqamətdə həyata keçirilən əsas işlərdən hesab edilir.

2017-ci ildə İKT və Elektron Hökumət sahəsi üzrə gənclərə yönəlmiş layihələrin yekunlaşdırılması, “Gənclər üçün Elektron Hökumət” adlı müsabiqənin qaliblərinin elan edilməsi və gənclər təşkilatları ilə müzakirələrin aparılması məqsədilə 26 dekabr tarixində saat 10.00-da “Gənclər üçün Elektron Hökumət” konfransının keçirilməsi nəzərdə tutulur.

Konfrans Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir.

Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəklədiyi maarifləndirici layihələrin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun İKT sahəsi üzrə maliyyələşdirdiyi layihələrin hesabat təqdimatları keçiriləcəkdir.

Konfrans çərçivəsində “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin mükafatlandırma mərasimi olacaqdır. Qeyd edək ki, müsabiqəyə 20 dekabr tarixində yekun vurulub. Müsabiqə aşağıdakı 4 nominasiya üzrə keçirilib:

•     “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs

•     Elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat

•    “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fərdi şəxs

•     Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az portalının inkişafı üzrə ən yaxşı təklif

Konfransın sonunda gənclər təşkilatlarının “Elektron Hökumət” sahəsi üzrə maraqlandığı mövzular ətrafında müzakirələr aparılacaq və təşkilatların informasiya cəmiyyətinin inkişafına verdiyi töhfənin artırılması üçün tövsiyələrin hazırlanması nəzərdə tutulur.

Qeydiyyat: 

 

Əlaqələndirici şəxs: Samir Mehraliyev
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 40
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Tbilisi prospekti 1054 (keçmiş Nəqliyyat Nazirliyinin binası)