photo

26 yanvar 2017-ci il tarixində Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzinin inzibati binasına keçirilib. Məlumat turunda “Bakı Metropoliteni”nin səlahətli nümayəndələri, Milli Şuranın katibliyi və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Məlumat turu zamanı iştirakçılara gənclərin ən çox istifadə etdiyi nəqliyyat vasitəsi olan Bakı Metropoliteninin xətləri və stansiyaları, elektrik deposu, sərnişin qatarları, tunellərdən (sərnişin qatarlarından) və stansiyalardan sərnişinlərin təxliyyə qaydaları və metropolitendən istifadə qaydalarının öyrənilməsi, əməl olunmasının vacibliyi, sərnişinlərin metropolitenə yaratdığı çətinliklər, sərnişin vandalizmi haqqında məlumat verilib. Eləcə də iştirakçılar ilə birlikdə elektrik deposuna ziyarət olunub və iştirakçıları  maraqlandıran  suallar səlahiyyətli nümayəndələr tərəfindən cavablandırılıb.

Qeyd edək ki, XX əsrin əvvəllərindən etibarən Bakının inkişaf etməsi, yeni sənaye obyektlərinin, zavod və fabriklərin tikilməsi ilə şəhərə axının sürətlənir, yerüstü nəqliyyat vasitələrinin imkanları məhdudlaşırdı. Məhz buna görə Bakı Metropolitenin inşa edilməsi nəzərə alınmış və 1967–ci ildə Bakı metrosu şərqdə ilk, postsovet məkanında beşinci metropoliteni olaraq, 5 stansiya ilə istifadəyə verilmişdir.

Xatırladaq ki, ARGTMŞ-ın məlumat turlarını keçirməsində əsas məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infrastruktur vahidləri ilə tanışlığını və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”, “Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Dövlət Neft Shirkətinin (SOCAR) inzibati binasına məlumat turları təşkil olunub.