photo

31 yanvar 2017-ci il tarixində Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən gənclər təşkilatları üçün məlumatlandırıcı seminar keçirilib. Milli Şuranın proqramı olan “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” çərçivəsində keçirilən seminar “Vergi Məcəlləsindəki dəyişikliklərin gənclər təşkilatlarına təsiri” mövzusunda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayevanın iştirakı ilə baş tutub.

Seminar Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbərliyi və maliyyə sahəsində çalışan əməkdaşlarının Vergilər Nazirliyinin ekspertləri tərəfindən məlumatlandırılması, vergilərin tam həcmdə ödənilməsi və hesabatların düzgün şəkildə tərtib edilməsini həyata keçirmək istiqamətində təlimatlandırılması məqsədilə keçirilib.

Seminarda iştirak edən Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi və üzvü olan gənclər təşkilatlarının rəhbər şəxslərinə Vergi məcəlləsində edilmiş son dəyişiklər haqqında məlumat verilib. Qeyd olunub ki, Vergi Məcəlləsində dəyişikliklərin kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması və vergi mühitinin cəlbediciliyinin artırılması iqtisadiyyata investisiya qoyuluşuna təşviq etdirir. Vergi Məcəlləsinə edilmiş 201 dəyişikliyi - Məcəlləyə 115 yeni maddə əlavənin edilməsi, 83 maddəyə dəyişiklik edilməsi, 3 maddənin ləğvi, 123 maddədə vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34 maddədə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddədə isə vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azadolmalarla bağlı olmasını Azərbaycanın gənclər platforması tərəfindən yüksək qiymətləndirilib. Seminar zamanı Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən gənclər təşkilatlarını maraqlandıran suallar cavablandırılıb.