photo

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasında baş tutub. Gənclər Təşkilatları Milli Şurası tərəfindən keçirilən məlumat turunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Marketinq sektorunun müdiri Emil Səfərov, Planlaşdırma və İnkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Turizm sənayəsi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov və Qeyri Hökümət Təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov və üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak edib.

Tur zamanı iştirakçılar ilk öncə Nazirliyin iş strukturu, şöbələrlə tanış olublar. Daha sonra nazirliyin nümayəndələri tərəfindən təşkilat rəhbərlərinə turizmin inkişafı üçün Azərbaycan ərazisindəki əlverişli imkanlardan istifadə strategiyaları, bu potensialın necə artırılması, beynəlxalq təcrübələr kimi bir sıra mövzular haqqında məlumat verilib. Tur zamanı, həmçinin, iştirakçıları maraqlandıran bütün suallar cavablandırılıb. Tədbirin  davamında, Turizm Nazirliyi və gənclər təşkilatları arasında əməkdaşlıq barədə imkanlardan danışılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən sahənin qanunvericilik bazası və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, regionlar üzrə milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla yeni turizm marşrutlarının təşviqi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, turizm xidmətlərinin keyfiyyətinin artırılması və inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”, “Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Dövlət Neft Shirkəti (SOCAR) və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məlumat turları təşkil olunub.