photo

Video-çarx vasitəsilə Azərbaycanın müxtəlif regionlarından gənclər səhiyyə barəsində gözləntilərin paylaşıb.

BMT-nin gəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədlərindən biri olan Yaxşı Səhiyyə və Rifah (Məqsəd 3) mövzusunda sosial video-çarx Ümumdünya Sağlamlıq Gününə həsr olunub. Video-çarxda sağlamlıq, gender ayrı-seçkiliyi, erkən nikahlar və sağlamlığa təsir edən digər mövzulara toxunulub. Bakı, Gəncə, Lənkəran və Quba şəhərlərində gənclər mövzü ətrafında öz fikirlərini çatdıraraq hər kəsə çağırış nitqi ilə səsləniblər. Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri də dünyada hər bir insanın sağlam həyatını təmin etmək və hər yaşda hər kəsin rifahını təşviq etməkdir.

Ətraflı olaraq video-çarxı izləmək üçün bu linkə (https://www.youtube.com/watch?v=A0k9Qp6kwtk) daxil ola bilərsiniz.

Sosial video-çarx Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində işıq üzü görüb.

Kampaniyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanaqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat işlərinin aparılması, gənclərin təlimlərdə iştirak edərək maarifləndirilməsi, sosial proqramlara və aktiv ictimai fəaliyyətlərə cəlb olunması, nəticə etibarı ilə Dayanıqlı İnkişaf Məqsədlərinə çatılmasında gənclərin rolunun artırılmasına nail olmaqdır.

Ümumdünya Sağlamlıq günü 1948-ci ildə Birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək məqsədilə bu günün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Ümumdünya Sağlamlıq günü 1950-ci ildən başlayaraq hər il aprelin 7-də qeyd edilir. Azərbaycanda səhiyyə sahəsində islahatlar mərhələsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır.

Məlumat üçün bildirək ki, “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası gənclərin ictimai-sosial mövqeyinin formalaşması və beləliklə daha yaxşı gələcəkdə yaşamaları üçün məşğulluq, təhsil  sahəsində çatışmazlıqlar, sağlamlıq məsələlərində məlumatsızlıq kimi sahələri əhatə etməklə 17 Dayanıqlı İnkişaf Məqsədlərindən olan Keyfiyyətli Təhsil, Gender Bərabərliyi, Yaxşı Səhiyyə və Rifah adlı 3 məqsədi özündə birləşdirir.  Bu istiqamətdə “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində keçirilən sorğu keçirilib. Sorğuda 300-dən çox gənclər təşkilatının rəhbərləri, əməkdaşları və üzvləri iştirak edib.  Həmçinin, Lənkəran, Şəki, Quba və Gəncə şəhərlərində 2 günlük təlimlər təşkil olunub. Hazırda fəal gənclərin və gənclər təşkilatlarının nümayəndələrinin məlumatlılığının artırılması məqsədi ilə kampaniya davam etdirilir. 17 Dayanıqlı İnkişaf Məqsədlərlə bağlı məlumatların əks olunduğu infoqrafiklər sosial şəbəkələrdə yayımlanır.

Artıq dünya liderləri tərəfindən BMT-nin Baş Qərargahında 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən və 2016-2030-cu illəri əhatə edəcək Qlobal Gündəlik qəbul olunmuşdur. İki ildən çox sürən məsləhətləşmələrdə vətəndaş cəmiyyətinin birbaşa iştirakı ilə həyata keciriləcək proseslərlə ölkələr 2030-cu ilədək dayanıqlı inkişafla yoxsulluğa son qoymaq və rifahı təşviq etmək barəsində razılığa gəliblər.