photo

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənc Elçilər” Proqramının seçim mərhələsi artıq başa çatıb. Seçim mərhələsindən uğurla keçən 32 gənc proqramının “Gənc Elçilərinə” çevriliblər.

“Gənc Elçilər” Proqramının əsas məqsədi  Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək  “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.

Təşkilatçılar tərəfindən proqramda iştirak hüququ qazanan 32 gənclə görüş keçirilib. Görüşə Milli Şuranın sədri Seymur Hüseynovun açılış nitqi ilə start verilib. Daha sonra sədr müavini Aysun Zeynalova Milli Şuranın beynəlxalq əlaqələrındən danışıb. Görüşün gedişatında proqrama seçilmiş 32 gəncin iştirakı ilə Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə tərəfindən proqramın təqdimatı keçirilib. Təqdimatda proqramın ümumi fəaliyyəti, imkanlarından və proqramda iştirak şərtlərindən danışılıb. Həmçinin, görüşdə gənclərin iştirakı ilə tanışlıq və komanda oyunları keçirilib.

Qeyd edək ki, “Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramının məqsəd və hədəflərinə çatmaq və proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb.  Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçiriləcək təlim və seminarların iştirakçısı olacaq. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçiriləcək. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və təcrübə əldə etmək imkanı qazanacaqlar.

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib: “Milli Şura 21 il ərzində daima Azərbaycan Respublikasının prioritetlərini dəstəkləyən və üzvü olan gənclər təşkilatları ilə birgə yerli və beynəlxalq səviyyədə tədbir və proqramların həyata keçirilməsini təmin edib və bu proses davam etməkdədir. Dünyanın aparıcı gənclər platformalarında təmsil olunan Milli Şura bu platformalarda Azərbaycanın maraqlarının qorunması və ölkənin həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bir çox beynəlxalq layihələr həyata keçirib. Bunları nəzərə alaraq Milli Şura gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsini təmin etmək məqsədilə yeni layihəyə start verib. Hansi ki, bu layihə gənclərimizin beynəlxalq arenada layiqli təmsil etməsinə böyük rol oynayacaq və layiqli yer tutmasına öz tövhəsini verəcək!”.

Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.