photo

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyası çərçivəsində keçirilən "Antisemitik Nifrət Nitqinə Qarşı Mübarizə" mövzusunda keçirilən seminarda Azərbaycanı təmsil edib.

Fransanın Strasburq şəhərində keçirilən seminarın əsas məqsədi Avropa ölkələrində antisemitizmlə bağlı təcrübələri bölüşmək və onunla milli və Avropa səviyyəsində mübarizənin ən effektiv yollarını müəyyənləşdirməkdir.

Tədbir çərçivəsində iştirakçılar antisemitizm və nifrət nitqi anlayışı haqqında məlumatlandırılıblar. Həmçinin, tədbirin rəsmi hissəsində iştirak edən Avropa Şurası və Avropa İttifaqının nümayəndələri mövzunun hüquqi əsasları haqqında danışıblar. Bundan başqa, iştirakçılar tərəfindən qrup işləri vasitəsilə gələcək fəaliyyətlər haqqında təkliflər hazırlanıb. Tədbirin sonunda, iştirakçılar Strasburqda yerləşən Yəhudi Mərkəzini və Sinaqoqu ziyarət ediblər.

Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.