photo

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənc Elçilər” Proqramının iştirakçısı Elmar İbrahimov Bolqarıstanın Bansko şəhərində keçirilən “Youth 4 peace” adlı layihədə iştirak edib. Layihədə Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, Polşa, İspaniya, Birləşmiş Krallıq, Rumıniya və Kipr ölkələrindən 30 gənc təmsil olunub.

Layihənin məqsədi gənclərin münaqişə idarəetməsi, sülhməramlılıq və qeyri-zorakılıq əsas mahiyyətlərini dərindən qavraması, iştirakçıları qeyri-zorakılığın mahiyyəti ilə tanış etmək, ondan istifadənin ən yaxşı yolu və sülhməramlılığın bərqərar olması  üçün yerli vəziyyətlərə və şəraitə uyğunlaşdırılması və fəal çalışması üçün onların bilik və bacarıqlarını qeyri-rəsmi təhsil vasitəsilə inkişaf etdirilməsidir.

Təlimlər zamanı Avropada son vaxtlar  baş verən münaqişələr və gənclər sahəsində əməkdaşlıqla bağlı önəmli və faydalı, geniş sülhməramlı təşəbbüskarlığında gənclərin iştirakçılığının vacibliyi ilə  bağlı müzakirələr aparılıb. Gənclər sülhməramlı fəaliyyətlər və qeyri-zorakı hərəkətlər və fikir mübadiləsi apararaq, təlimdə iştirak etməklə belə vəziyyətləri planlaşdırmaq və müdaxilə etmək bacarıqlarına yiyələniblər.

Məlumat üçün bildirək ki, “Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramının məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır. Proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb. Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçiriləcək təlim və seminarların iştirakçısı olacaq. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçiriləcək. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və təcrübə əldə etmək imkanı qazanacaqlar.