photo

17 iyun 2017-ci il tarixində Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının növbəti Məclisi baş tutub. Tədbirdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib.

 

Məclis Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Daha sonra üzv təşkilatlarının iştirakı ilə səsvermə nəticəsində Milli Şuranın Assosiativ üzvləri "Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası", "Gənclərin Sosial İnkişafına Dəstək" İctimai Birliyi, "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İctimai Birliyi, "Azərbaycan-Slavyan Gənclər Assosiasiyası" İctimai Birliyi, “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi, "Bakı Beynəlxalq" Tələbə Klubu, "Gəncliyə Dəstək" İctimai Birliyi, “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi və "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyi tamhüquqlu üzvü seçilib. Səsvermə başa çatdıqdan sonra Milli Şuranın Mərkəzi-Təftiş Komissiyasının (MNTK) sədri Pərvin Piriyev tərəfindən MNTK-nın birinci yarım illik üzrə hesabatı təqdim olunub. Məclisin geditaşında Gənclər Təşkilatları Milli Şurasının katibliyi adından Pərvin Qasımov Milli Şuranın 2017-ci ilin yanvar-iyun ayları üzrə fəaliyyətlərinin hesabatını verib. Məclis Gənclər Təşkilatları Milli Şurasının 2017-ci il üzrə növbəti aylar üçün nəzərdə tutduğu fəaliyyət planının müzakirəsi ilə başa çatıb.

Milli Şuranın sədri Seymur Hüseynov qeyd deyib ki, Milli Şuranın məqsədi gənclər təşkilatlarının fəaliyyətlərini genişləndirmək, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaqdır. Həmçinin regionlarda və kəndlərdə yaşayan gənclərin və gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanlarını artırmaqdır.

Məlumat üçün qeyd edək ki, Ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası 124 gənclər təşkilatı və minlərlə gənci özündə birləşdirir. Milli Şura ölkə gəncləri və təşkilatların yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.