photo

Gənclər Təşkilatları Milli Şurası tərəfindən “22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü” ərəfəsində Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində həlak olan və nifrət qurbanı olan 2 yaşlı Quliyeva Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi başa çatıb.

Müsabiqənin məqsədi dünyada hər gün balaca Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşaqların üzləşdiyi çətinlikləri dünyaya çatdırmaqdır.

10 gün davam edən müsabiqə nəticəsində  gənc rəssam və dizaynerlər “Uşaqlar-Nifrət cinayəti qurbanları kimi” mövzusunda Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşaqların üzləşdiyi çətinlikləri əks etdirən müxtəlif dizaynlarda posterlər təqdim ediblər. Təqdim olunan posterlərdən uğurlu olanları seçilərək elektron albom hazırlananıb Avropa Şurasının üzv ölkələrinə, Avropa Şurası Parlament Assambleyasının deputatlarına, İnsan Hüquqları, Uşaq Hüquqları üzrə çalışan təşkilatlar, beynəlxalq gənclər təşkilatlarına göndərilib. “Uşaqlar hədəf deyil!”, “Onların laylası təhlükə səslənir”, ““Atəşkəs” “sülh” demək deyil” kimi şüarlar altında mövzunu əks etdirən müxtəlif dizaynlarda hazırlanmış posterlərə bu (https://goo.gl/GwMr33) vasitəsi ilə nəzər sala bilərsiniz.

Qeyd edək ki, “22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü”nün əsas məqsədi nifrət nitqi hədəfinə çevrilən və ondan əziyyət çəkən insanları tanımaq, yerli və beynəlxalq səviyyədə nifrət nitqi qurbanları və insan hüquqları haqqında məlumatlılığı artırmaqdır.
Nifrət qurbanları nifrət əsaslı və nifrət nitqi nəticəsində nifrət cinayətinə uğramış, fiziki və mənəvi xəsarət alan şəxslərdir. Həmçinin dünyada cəbhə bölgələrində və konfliktli ərazilərdə yaşayan sakinlər bir çox hallarda nifrət nitqi və nifrət cinayəti ilə üzləşirlər. Milli Şura sosial şəbəkələrdə Nifrət Nitqi ilə qarşılaşan zaman qarşısını almağın yollarını izah edən video-çarx hazırlayıb. Video-çarxı bu (https://goo.gl/mk9Qng) vasitəsi ilə izləmək mümkündür.

Xatırladaq ki, "Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən "Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası "Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının "No Hate Speech Movement” - "Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib.