photo

Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi”  layihəsi davam edir.

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.

Layihə çərçivəsində “Multipleyer”lərin formalaşdırılması üçün “Təlimçilər üçün Təlim”  başa çatıb. Bu təlimlərdə mövzu üzrə geniş məlumatlar verilib, müxtəlif qrup işləri həyata keçirməklə, onlara nəzəri biliklərin əldə olunmasından sonra praktiki bacarıqların verilməsi təmin olunub.

Təlim iştirakçıcı və multipleyer Pərvin Qasımov öz fikrini bölüşüb. "Seçdiyimiz mövzu həm aktuallığı baxımından, həm vacibliyi baxımından çox önəmli bir mövzudur. Ümid edirəm ki, bu problemin həlli istiqamətində bir çox dəyişikliklərə nail olacayıq". 

Təlimin növbəti iştirakçısı Tural Abdullazadə qeyd edib ki, "Təəssüf ki, yaşadığımız cəmiyyətdə elə hallar olur ki, qadınlara qarşı ayrı-seçkilik bəzən normal bir hadisə kimi qəbul edilir. Bu təlim görüb amma dərk etmədiklərimizi bizə çatdırdı. İndi bizim üzərimizə məsuliyyət düşür ki, bildiklərimizi və öyrəndiklərimizi cəmiyyətlə bölüşək".

Təlimlər nəticəsində seçilmiş gənc “Multipleyer”lər tərəfindən Bakı və ölkənin müxtəlif regionlarında cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini, onların dəyərini vurğulamaq məqsədilə təlimlərə start verilib. 24-29 iyul tarixlərində keçirilən təlimlər Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edib. Qeyd olunan regionlarda ümummillikdə 180 gənc kişinin iştirakı ilə 9 təlim keçirilib.