photo

Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” Proqramının iştirakçıları Sabir Rüstəmov və Ramiz Allahverdiyev Rusiya Federasiyasının Kaluqa vilayətində keçirilən beynəlxalq tədbirdə iştirak edib. “Dialoq 2017” Beynəlxalq Gənclər Düşərgəsi Rusiya Federasiyası gənclər və uşaqlar təşkilatlarının Milli Şurası və Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə baş tutub.

“Dialoq 2017” Beynəlxalq Gənclər Düşərgəsinin məqsədi gənclər arasında mədəni müxtəlifliyin dəyərinin və mədəniyyətlərarası dialoqun qurulmasında gənclərin fəallılığının artırılmasıdır.

Düşərgə ərzində iştirakçılar mədəniyyətlərarası dialoqun yerli icmalar arasında qurulması və inkişafı, cəmiyyətdə müsbət dəyişiklik imkanları haqqında müzakirələr aparıblar və bu istiqamətdə fəaliyyət strategiyası qurulub. Iştirakçıların və cəmiyyətin bütövlükdə reallıqları arasında mədəniyyətlərarası dialoq və sülh qurma yolunda actual problemləri müəyyənləşdirilib. Tədbirin mədəniyyət gecəsində Azərbaycan nümayəndə tərəfindən ölkənin milli tarixi haqqında məlumat verilib, milli rəqsləri və milli mətbəxi nümayiş olunub.

Qeyd edək ki, “Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramı Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Proqramın məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.

Məlumat üçün bildirək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu,Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.