photo

“Azərbaycan Könüllülük Xidməti” çərçivəsində keçirilən Mübadilə Proqramının iştirakçıları Quba, Gəncə, Lənkəran, Mingəçevir və Balakən olmaqla 5 müxtəlif regionda fəaliyyətlərini başa vurublar.

Mübadilə Proqramının məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülük fəaliyyətinə həvəsləndirilməsi və onlar arasında könüllülük fəlsəfəsinin inkişafına təkan verilməsidir.

Mübadilə zamanı ölkədə 5 müxtəlif regionda fəaliyyətdə olan Gənclər Evlərinə 5 gənc göndərilib və 1 ay müddətində gənclər həmin regionlarda təcrübə qazanıb, bacarıqlarını inkişaf etdirib, uğurlu karyera qurmaq imkanı əldə edib. Regionlarda fəaliyyət göstərən Proqram iştirakçıları öz fikirlərini bölüşüblər.

Gəncə şəhərində könüllü olaraq fəaliyyət göstərən Ruqiyə Orucova: “Mən ilk öncə layihəyə qeydiyyatdan keçəndə rəqabətin güclü olduğunu bilirdim. Layihəyə seçilib, ilk 5 nəfərin biri mən olduğumu biləndə hədsiz çox sevinmişdim ki, mən avqust ayı ərzində yay tətilimi səmərəli keçirəcəm. Həmçinin, Gəncə şəhərinə mən gedəcəyimə görə daha çox sevinirdim. Bir ay ərzində Respublikanın 2-ci böyük inkişaf etmiş tarixi şəhərində fəaliyyət göstərəcək idim. Gəncəyə getdikdə artıq görəcəyim hər bir işi planlaşdırmışdım. 1 ay ərzində “Könüllü fəaliyyəti bizə nə qazandırır?”, “ingilis dili kursu”, “Our free time”, “intellektual yarışlar” təşkil etdim. 1 ay ərzində fəal gənclərlə eyni mühitdə və fəal iş şəraitində olduğum üçün Milli Şuraya təşəkkürümü bildirirəm”.

Növbəti iştirakçı Lənkəran şəhərində könüllü olan Tural Süleymanov: “Lənkərana yollanarkən, yolda mən bu 1 ayda məqsədlərimi, edəcəyim layihələrimin qeydlərini aparırdım. Bu 1 ay həm mənim üçün, həm də  Lənkəran gəncləri üçün faydalı olmalı idi. Bu layihələrlə gəncləri hərtərəfli inkişaf etdirməyə çalışdım. Onların mütaliəyə marağını artırmaq, kitabı sadəcə oxumaq deyil də, onu yaşamaq prinsipini aşılamaq idi. Daha sonra Lənkəranın tarixini öyrənmək məqsədilə “12 avqust - Beynəlxalq gənclər günü” münasibətilə gənclərlə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya baş tutdu. Gənclərin intellektual biliyinin inkişaf etdirilməsi məqsədilə “12 avqust beynəlxalq gənclər günü” münasibətilə “Xəmsə” Milli İntellektual Oyunu və “Fərdi Xəmsə” təşkil etdim. Təcrübə proqramında 3 silsilə seminar təşkil etdim. Ümumilikdə hər bir layihədən aldığım təəssüratlar, layihəm çərçivəsində oxuduğum kitabların müzakirəsindən aldığım mənəvi zövqlər, tanıdığım yeni dostlar, hər səhər idmanında aldığım təmiz hava geniş cümlələr, abzaslar şəklində daim yaddaşımda qalacaq. Əgər bir nəfərin belə inkişafına, həyatda düzgün yol seçməsinə səbəb olmuşamsa nə xoş mənə. Bu xoş xatirələri mənə bəxş etdiyi üçün Gənclər Təşkilatları Milli Şurasına təşəkkürümü bildirirəm”.

2017-ci il üzrə ölkənin Gənclər paytaxtı seçilən Balakən şəhərində fəaliyyət göstərən Xasay Mirzəli: “İlk dəfə idi ki,1 aylıq evdə yox, məhz Balakəndə idim.  İlk çətinlik öz doğmalarından, dostlarından 1 aylıq ayrılığın çətinliyi dəf etmək idi. Bura gələn ilk gündə beynimdə bir fikir var idi. "Xasay, səncə bu işin öhdəsindən gələ biləcəksən? Gənclər evindəki aktiv gəncləri görəndə çox sevindim. Ən gözəli isə nəinki dərs zamanı, hətta adi zamanlarda belə şagirdlərimin mənə Xasay Müəllim deyə müraciət etməsi idi. Bu müraciəti eşitdikcə özgüvənimi artırdı. Ən son gün isə hər bir şagirdimdən təşəkkür məktubu almağım qürurverici bir hadisə idi. Bunların hamısı və hamısı könüllülük xidməti sayəsində etmişəm”.

Quba şəhərində fəaliyyət göstərən könüllü Fuad Bayramov: “Avqustun 1-dən, bir ay müddətinə Azərbaycan Könüllülük Xidmətinin həyata keçirdiyi mübadilə proqramı çərçivəsində Quba Rayon Gənclər Mərkəzində könüllü fəaliyyət göstərdim.  Könüllü fəaliyyətə qoşulmaqda məqsədim bu günə qədər qazandığım bilik və bacarıqları Quba gəncləri ilə bölüşmək, yeni iş təcrübələri əldə eləmək, Qubanı gəzmək, insanları ilə tanış olmaq, yeni münasibətlər qurmaq idi. Bu gün AKX kimi yüksək səviyyədə təşkil olunmuş, Azərbaycan gəncliyinin, mahiyyət etibarı ilə birbaşa Azərbaycanın inkişafına yönəlib, faydalı və uğurlu layihənin iştirakçısı olduğum üçün çox şadam və qürurluyam”.

Proqramın 5-ci iştirakçısı Mingəçevir şəhərində olan Elvin Seyfəddinov: “İlk öncə yay olduğundan gənclərin Gənclər Evinə yığmaqda çətinliklə qarşılaşacağımı düşünürdüm, amma bura gəldikdən sonra tam əksini müşahidə etdim. 1 aylıq fəaliyyətim ərzində burada bir çox istedadlı gənclərlə qarşılaşdım, onlarla söhbətlər zamanı buradakı gənclərin maraqlarını öyrənmiş oldum”.

Proqramın əsas məqsədlərindən biri də mübadiləni təşkil etməklə, könüllülərin iştirakı ilə Gənclər Evləri, təşkilatlar, dövlət qurumları və digər qurumlar arasında körpülərin genişləndirilməsinə imkan yaratmaqdır.

Qeyd edək ki, 2002-ci ildə qəbul olunmuş “Gənclər siyasəti haqqında” AR Qanununun 2007-ci ildə əlavə olunmuş 5.5.-ci bəndinə uyğun olaraq “Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılmışdır”. “Gənclər evləri”nin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir. 

Məlumat üçün bildirək ki, “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, regionlarda yerləşən Gənclər Evlərində Könüllülərin fəaliyyətlərinin genişləndirilməsidir.