photo

Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryani dövlətlərin Beynəlxalq Gənclər Forumunda Azərbaycan nümayəndə heyəti təmsil olunub. Azərbacyan nümayəndə heyəti tərkibində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev rəhbərliyi ilə Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova və nümayəndəsi Məryəm Məcidova, Milli Şuranın üzvü “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ələkbər Mustafayev və "Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası" İctimai Birliyinin sədri Nərgiz Eyvazova iştirak edib.

Forumun məqsədi  Xəzəryanı dövlətlərin gənc liderləri arasında kommunikativ müzakirə platformasının yaradılması və mədəniyyətlərarası dialoqun yaradılması, gənclər təşkilatlarının və gənc liderlərin birləşməsidir.

Forumun açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və Qazaxıstanın Din İşləri və Vətəndaş Cəmiyyəti Nazirliyinin Gənclər Siyasəti Departamentinin direktoru Qabidulla Ospankolov çıxış edib. Daha sonra iki ölkə arasında gənclər təşkilatları haqqında memorandum imzalanıb. Forumun növbəti günündə "Xəzəryanı dövlətlərin dialoqu: inteqrasiya, yeni imkanlar, təşəbbüslər" mövzusunda müzakirələr keçirilib. Forum çərçivəsində "Gənclərin mədəniyyət kodu: dəyərlər və mənalar" mövzusunda panel iclası baş tutub. Forum zamanı "Gənclik Həyatının Dizaynı", "Yeni liderlərin vəziyyəti" mövzularında sessiyalar olub.

Milli Şuranın sədr müavini Aysun Zeynalova "Gənclik Həyatının Dizaynı" mövzusunda keçirilən panel sessiyasında çıxış edərək Azərbaycanın gənclər siyasəti, gənclər sahəsində olan təcrübələri bölüşüb. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti, Gənclər Evlərinin fəaliyyət istiqamətləri, 2016-cı ildə Avropa Gənclər Paytaxtı olmuş Gəncə şəhəri və ölkənin vahid platforması olan Gənclər Təşkilatları Milli Şurası haqqında məlumat verib.

Forum müddətində Azərbaycanla bağlı video-çarx təqdim olunub və ölkənin mədəniyyəti, milli mətbəxi və rəqsləri nümayiş olunub.

Məlumat üçün bildirək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.