photo

25 sentyabr tarixində Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilib. Məlumat turunda Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, katibliyi, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və gənc sahibkarlar iştirak edib.

Məlumat turu zamanı gənclərin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strukturu və fəaliyyəti istiqamətləri ilə yaxından tanışlığı, Bir Pəncərə İxraca Dəstək Mərkəzinə ziyarəti, Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı haqqında ətraflı məlumatlandırılması olub. Məlumat turunda iştirakçılara həmçinin son bir il ərzində aparılan islahatların təqdimatı keçirilib. İqtisadi İslahatlarla bağlı çıxışdan sonra gəncləri maraqlandırılan suallar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbər nümayəndəsi tərəfindən cavablandırılıb.

 Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi gələcəkdə də sahibkarlıqla məşğul olmaq istəyən gənclərə stimul verəcək. Çünki artıq Mərkəzin fəaliyyəti ixracatçılara dəstək baxımından örnək göstərilir.

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin” nümayəndəsi Nicat Hacızadə bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.

Məlumat üçün qeyd edək ki, dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində son vaxtlar bir sıra mühüm qərarlar qəbul edilmişdir. Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadəni və bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini zəruri edir.

Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək Milli Şuranın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”,“Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR),“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fonduna və Bakı Neft Emalı Zavodun məlumat turları təşkil olunub.