photo

Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Məryəm Məcidova Brüsseldə keçirilən “LADDER” layihəsi çərçivəsində “Gənclər Dayanıqlı Avropa üçün” adlı tədbirdə və Avropa Gənclər Forumunun Şəbəkə Yığıncağında iştirak edib.

“Davamlı Avropa üçün Gənclər” tədbirində "2030-cu ildönümünə dair müzakirələr və gənclərin davamlı inkişafda rolu" haqqında müzakirələr baş tutub, daha sonra Dayanıqlı İnkişaf Məqsədlərinin yubileyi üçün CONCORD təşəbbüsünün təqdimatı baş tutub. Tədbirin növbəti günündə Avropa Komissiyası ilə "İnkişaf üzrə Aİ Konsensusu" və gənclər təşkilatlarının Avropa İttifaqının xarici siyasətində rolu mövzusunda fikir mübadiləsi aparılıb.

Avropa Gənclər Forumunun Şəbəkə Yığıncağında  isə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı konsepsiyanın müzakirəsi keçirilib. Yığıncaqda konsepsiyanın inkişafı və bu yolda görülən işlərdən danışılıb. Yığıncaqda həmçinin, mövzu ətrafında təbliğat məsələləri ilə bağlı konkret hədəflər müzakirə olunub.

Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Məryəm Məcidova Avropa Gənclər Forumunun Davamlı İnkişaf Şəbəkəsinin üzvüdür.

Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.