photo

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi və Xarici İşlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Gənc Elçilər” proqramı çərçivəsində Pakistan Respublikasının səfirliyində görüş keçirilib.

Görüşdə ilk öncə Pakistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Saeed Khan Mohmand ilə Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynovun iştirakı ilə görüş baş tutub. Görüş zamanı Azərbaycan-Pakistan münasibətləri, əməkdaşlıq sahələrindən danışılıb. Qeyd edək ki, Pakistan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və görüşdə səfir tərəfindən xüsusən vurğulanmışdır.

Görüş müddətində gənc elçilərə Pakistan Respublikasının yaranması və onun müasir beynəlxalq münasibətlərdəki yeri ilə bağlı ətraflı məlumat verilib. Həmçinin, görüş zamanı səfirliyin hərbi attaşesi tərəfindən Pakistanın regional təhdidlər qarşısında gördüyü tədbirlər və Kəşmir münaqişəsi haqqında məlumat verilib. Sonda səfir tərəfindən iştirakçıların sualları cavablandırılıb və hədiyyələr təqdim olunub.

“Gənc Elçilər” Proqramının əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “Gənc Elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.

Qeyd edək ki, “Gənc Elçilər” Proqramında 25 gənc iştirak edir. Proqram çərçivəsində gənclər bu günə qədər “Beynəlxalq Gənclər siyasəti”, “Beynəlxalq hüquq və beynəlxalq münasibətlərdə müasir problemlər”, “Konfliktologiya”, “Diplomatiyaya giriş və Diplomatik protokol”, “Özünü idarəetmə” və “Şəxsi İnkişaf” mövzularında təlimlərdə iştirak ediblər. Gənclər həmçinin Proqramın tərəfdaşı olan Xarişi İşlər Nazirliyində olublar. Gənclər orada nazirliyinin strukturu, fəaliyyəti ilə yaxından tanış olublar və müzakirələr aparıblar. Həmçinin, proqram müddətində iştirakçılar ölkəni təmsil edərək 10-dan artıq beynəlxalq tədbirdə iştirak ediblər.

Məlumat üçün bildirək ki, “Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramının məqsəd və hədəflərinə çatmaq və proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb.  Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçirilən təlim və seminarların iştirakçısı olurlar. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçirilir. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edirlər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və təcrübə əldə etmək imkanı qazanırlar.