photo

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi və Xarici İşlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Gənc Elçilər” proqramı çərçivəsində Azərbaycandakı səfirliklərlə görüşlər davam edir. Növbəti görüş Niderland Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Onno Kerverslə baş tutub.

Gənc Elçilərin iştirakı ilə baş tutan görüşdə cənab Onno Kervers Azərbaycan və Niderland Krallığı arasında 25 illik diplomatik münasibətlərdən danışıb. O, həmçinin Azərbaycanın regiondakı əhəmiyyətini vurğulayıb.  Görüş zamanı Niderland və Azərbaycan arasında münasibətlərin əsasını təşkil edən 3 istiqamətdən - təhlükəsizlik, iqtisadi əməkdaşlıq, demokratiya və insan hüquqlarından bəhs olunub. Görüş çərçivəsində iştirakçılar tərəfindən Niderland Krallığında təhsil imkanları haqqında verilən suallar səfir tərəfindən cavablandırılıb.

“Gənc Elçilər” Proqramının əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “Gənc Elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.

Qeyd edək ki, “Gənc Elçilər” Proqramında 25 gənc iştirak edir. Proqram çərçivəsində gənclər bu günə qədər “Beynəlxalq Gənclər siyasəti”, “Beynəlxalq hüquq və beynəlxalq münasibətlərdə müasir problemlər”, “Konfliktologiya”, “Diplomatiyaya giriş və Diplomatik protokol”, “Özünü idarəetmə” və “Şəxsi İnkişaf” mövzularında təlimlərdə iştirak ediblər. Gənclər həmçinin Proqramın tərəfdaşı olan Xarişi İşlər Nazirliyində olublar. Gənclər orada nazirliyinin strukturu, fəaliyyəti ilə yaxından tanış olublar və müzakirələr aparıblar. Proqram iştirakçıları təlimlərlə yanaşı həmçinin tədbirlər və görüşlərdə iştirak edirlər. Bundan öncə gənclər Pakistan Respublikasının səfirliyində görüşdə iştirak ediblər. Görüş zamanı gənc elçilərə Pakistan Respublikasının yaranması və onun müasir beynəlxalq münasibətlərdəki yeri ilə bağlı ətraflı məlumat verilib. Həmçinin, görüş zamanı səfirliyin hərbi attaşesi tərəfindən Pakistanın regional təhdidlər qarşısında gördüyü tədbirlər və Kəşmir münaqişəsi haqqında məlumat verilib. Sonda səfir tərəfindən iştirakçıların sualları cavablandırılıb və hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, “Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramının məqsəd və hədəflərinə çatmaq və proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb.  Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçirilən təlim və seminarların iştirakçısı olurlar. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçirilir. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edirlər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və təcrübə əldə etmək imkanı qazanırlar.