photo

Gənclər Təşkilatları Milli Şurasının "Gənc Elçilər" Proqramının iştirakçıları Gənclər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas və 1-ci müşaviri Denis Danilidis görüşüblər.

Görüşdə səfir Azərbaycan-Avropa İttifaqı əlaqələri, Şərq Tərəfdaşlığı, 24 noyabr tarixində keçirilən Şərq Tərəfdaşlığı Forumu, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq tərəfdaşlıq sazişində mövcud durum, Avropa İttifaqı üçün Azərbaycanla əlaqələrdə vacib olan istiqamətlərdən danışıb. Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Avropa ittifaqının mövqeyindən bəhs olunub. Daha sonra gənclər tərəfindən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin gənclər və gənclər təşkilatları üçün yaratdığı imkanlar, Brexit-dən sonra Avropa İttifaqının gələcəyi, Azərbaycan-Avropa İttifaqı  münasibətlərində enerji faktoru, TAP və TANAP layihələri mövzularında verilən suallar cavablandırılıb.

Qeyd edək ki, “Gənc Elçilər” Proqramında 25 gənc iştirak edir. Proqram çərçivəsində gənclər bu günə qədər “Beynəlxalq Gənclər siyasəti”, “Beynəlxalq hüquq və beynəlxalq münasibətlərdə müasir problemlər”, “Konfliktologiya”, “Diplomatiyaya giriş və Diplomatik protokol”, “Özünü idarəetmə” və “Şəxsi İnkişaf” mövzularında təlimlərdə iştirak ediblər. Gənclər həmçinin Proqramın tərəfdaşı olan Xarici İşlər Nazirliyində olublar. Gənclər orada nazirliyinin strukturu, fəaliyyəti ilə yaxından tanış olublar və müzakirələr aparıblar. Proqram iştirakçıları təlimlərlə yanaşı tədbirlər və görüşlərdə iştirak edirlər. Bundan öncə gənclər Pakistan, Niderland və Hindistan səfirliyində görüşdə iştirak ediblər.

Məlumat üçün bildirək ki, “Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramının məqsəd və hədəflərinə çatmaq və proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb.  Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçirilən təlim və seminarların iştirakçısı olurlar. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçirilir. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edirlər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və təcrübə əldə etmək imkanı qazanırlar.