photo

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Portuqaliyanın Kaşkay şəhərində Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu üzvlərinin şurasında iştirak edib. Tədbirdə Avropa Gənclər Forumunda təmsil olunan 104 gənclər təşkilatları milli şurasının və beynəlxalq gənclər təşkilatlarının 150-yə yaxın nümayəndəsi iştirak edib.

Şurada Avropa Gənclər Forumu üzvləri bir sıra mövzular üzrə qətnamə və siyasət qəbul edib. Şura çərçivəsində Avropa Gənclər Forumunun prezidenti tərəfindən yarımillik proqram hesabatı təqdim edilib və qəbul olunmuşdur. Daha sonra 2018-ci ilin fəaliyyət planına nəzər yetirilib. Eyni zamanda, Avropa Gənclər Forumunun üzvlüyü üçün müraciət edən təşkilatların namizədliyinə baxılıb.

Avropa Gənclər Forumunun Yeni Üzvlərin Qəbulu Komissiyasının üzvü olan Aysun Zeynalova Komissiyanın digər üzvləri birlikdə namizəd üzvlərlə keçirilən yoxlamaların nəticələri haqqında hesabat verib və tədbir iştirakçıları tərəfindən unvanlanan sualları cavablandırıb. Aysun Zeynalova tədbir çərçivəsində Foruma üzv olmaq istəyən gənclər təşkilatlarının nümayəndəri ilə görüşüb. Onlara Foruma üzv olmağın faydaları və üstünlüklərindən danışıb.

Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Forumu Avropa ölkələrinin Gənclər Milli Şuraları və beynəlxalq təşkilatlardan ibarət 104 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir, onların maraqlarını təmsil edir. ARGTMŞ 1997-ci ildən Forumun tamhüquqlu üzvü və Azərbaycanı Forumda rəsmi olaraq təmsil etmək hüququna malik yeganə təşkilatdır. 2014-cü ilin avqust ayında ARGTMŞ-nın beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin nəticəsi olaraq forumun idarə heyətinin cari il üzrə sonuncu iclası Azərbaycanda keçirilib. 2016-cı ildə isə Varna şəhərində keçirilən Baş Assambleya zamanı ARGTMŞ-nın sədr müavini Aysun Zeynalova Avropa Gənclər Forumunun Yeni Üzvlərin Qəbulu Komissiyasının üzvü seçilib.