photo

9 dekabr 2017-ci il tarixində Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının növbəti Məclisi baş tutub. Tədbirdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib.

Məclis Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Daha sonra Milli Şuranın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Pərvin Piriyev tərəfindən 2017-ci il üzrə hesabatı təqdim olunub. MNTK sədrin hesabatından sonra Şuranın sədri Seymur Hüseynov təşkilatın iyun – dekabr ayları üzrə fəaliyyətin təqdimatını keçirib.

Məclisin gedişatında Milli Şuraya müraciət edən “Cavan” Gənclər İctimai Birliyi səsvermə nəticəsində assosiativ üzvlüyə qəbul olunub və Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının sayı 125 çatıb. Həmçinin, tədbirdə Milli Şuranın nizamnamə tələblərinə uyğun olaraq bu illər ərzində fəaliyyətində qeyri-fəal üzv təşkilatlar tamhüquqlu üzvlükdən assosiativ üzvlük statusuna salınıb.

Məclisdə Gənclər Təşkilatları Milli Şurasına yeni Baş katibin namizədliyi irəli sürülüb və məclis tərəfindən təsdiqlənib. Milli Şuranın yeni Baş katibi Məryəm Məcidova 2014 - 2016-cı illərdə Milli Şuranın üzvü olan Tələbələrin İqsadiyyat və Menecmentlik üzrə Assosiyasının sədri olub. O, həmçinin 2017-ci ildə gənclər üçün Prezident mükafatına layiq görülüb.

Məclisin sonunda gündəliyə əsasən gənclər təşkilatları ilə bağlı aktual məsələlər müzakirə olunub.
Məlumat üçün qeyd edək ki, ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası 125 gənclər təşkilatı və minlərlə gənci özündə birləşdirir. Milli Şura ölkə gəncləri və təşkilatların yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.