photo

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində “Könüllü ol” layihəsi baş tutub. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib. 
Layihənin məqsədi könüllülüyün ölkəmizdə təbliğ edilməsi, gənclərimizin könüllü qismində müxtəlif irimiqyaslı və digər ictimai və sosial tədbirlərdə iştiraka həvəsləndirilməsi, gənclərin milli və beynəlxalq səviyyədə həyata keçirilən könüllülük proqramları haqqında məlumatlandırılması və könüllü fəaliyyətə cəlb olunmasıdır.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Daha sonra Ümummilli lider Heydər Əliyev anım günü ilə əlaqədar olaraq 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə gənclərə “Könüllülük nədir?”, “Gənclərin beynəlxalq könüllülük proqramlarında iştirakı” haqqında ətraflı məlumat verilib və mövzu ilə bağlı viktorina təşkil olunub. Viktorinada qalib gələn gənclərə hədiyyələr təqdim olunub.

Tədbir çərçivəsində həmçinin “İlin könüllüsü” mükafatı layihəsinin təqdimatı keçirilib. Təqdimat zamanı layihə haqqında, onun məqsədi və mahiyyətindən danışılıb. Daha sonra mükafata müraciət qaydaları izah olunub. Mükafata namizədliyini irəli sürmək və layihə haqqında ətraflı məlumat almaq istəyən gənclər www.ilinkonullusu.az elektron portalına daxil ola bilər.

“İlin Könüllüsü 2017” “Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində həyata keçirilir. “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, regionlarda yerləşən Gənclər Evlərində Könüllülərin fəaliyyətlərinin genişləndirilməsidir.