photo

19 dekabr 2017-ci il tarixində 200-dən gənclər təşkilatlarının rəhbərlərinin, dövlət rəsmilərinin və mətbuat nümayəndələrinin iştirakı Bakı şəhərində Gənclər Təşkilatlarının III Milli Konqresi baş tutacaq. Konqres Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçiriləcək.

Gənclər Təşkilatlarının III Milli Konqresi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının “5.2.19. Gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq” bəndinin icrası çərçivəsində həyata keçirilir. Konqresin keçirilməsinin əsas məqsədi ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək və həyata keçirilən gənclər siyasəti, habelə gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin effektiv mexanizmlərin yaradılması haqqında müzakirələr aparmaq, prioritet istiqamətlər və vəzifələr barədə qərarlar qəbul etmək, ümumilikdə isə gəncliyin inkişafına töhfə verməkdən ibarətdir.

Konqres zamanı gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı rəsmilərin və aparıcı gənclər təşkilatlarının nümayəndələrinin çıxışları dinləniləcək, gənclər təşkilatlarını narahat edən ən vacib mövzular müzakirə olunacaq. Tədbirdə iştirak üçün gənclər təşkilatlarının müraciətləri onlayn qeydiyyat vasitəsi ilə qəbul olunur. Tədbir haqqında ətraflı məlumat almaq istəyənlər www.konqres.nayora.az elektron portalına daxil ola bilərlər. Konqresdə iştirak etmək üçün son qeydiyyat tarixi 15 dekabr 2017-ci il saat 12:00.

Xatırladaq ki, konqresin keçirilməsi haqqında təşəbbüs ilk dəfə 2012-ci ilin noyabrında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü il, ikinci dəfə isə 2015-ci ildə ölkənin 11 regionundan 200-dən artıq gənclər təşkilatının nümayəndələri, eləcə də beynəlxalq qurumların nümayəndələri iştirakı ilə həyata keçirilmişdir.