photo

19 dekabr 2017-ci il tarixində 200-dən artıq gənclər təşkilatlarının rəhbərlərinin, dövlət rəsmilərinin və mətbuat nümayəndələrinin iştirakı ilə Bakı şəhərində Gənclər Təşkilatlarının III Milli Konqresi baş tutub. Konqres Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilib.

Gənclər Təşkilatlarının III Milli Konqresi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası çərçivəsində həyata keçirilir. Konqresin keçirilməsinin əsas məqsədi ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək və həyata keçirilən gənclər siyasəti, habelə gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin effektiv mexanizmlərin yaradılması haqqında müzakirələr aparmaq, prioritet istiqamətlər və vəzifələr barədə qərarlar qəbul etmək, ümumilikdə isə gəncliyin inkişafına töhfə verməkdən ibarətdir.

Konqres Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Daha sonra Azərbaycan gənclər təşkilatlarının fəaliyyəti və  Gənclər Təşkilatları Milli Şurasının 2016-2017-ci illər üzrə hesabat videosu təqdim olunub.

Qonaqları və iştirakçıları salamlayan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib ki, Azərbaycanın dövlət gənclər siyasətinə dəstək verilməsi və gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində Milli Şura mühüm tədbirlər həyata keçirir. Milli Şuranın fəaliyyətində əsas olan dövlətçilik prinsipi bu gün də bu qurum üçün prioritet istiqamətdir. 22 il ərzində Gənclər Təşkilatları Milli Şurası ilə fəal əməkdaşlıq edən dövlət qurumlarına, üzv təşkilatlara minnətdarlığımzı bildiririk”.

Tədbirdə açılış nitqi ilə çıxış Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev qeyd edib ki, “Azərbaycan regionun siyasi, iqtisadi və hərbi lideridir. Gənclər təşkilatları birbaşa gənclərlə ünsiyyətdə olmalı, onların problemlərini nəzərə almalı, bu istiqamətdə layihələr həyata keçirilməlidir. Gənclər təşkilatlarında önəmli məsələlərdən biri də gənclərin təmsilçiliyidir. Gənclər təşkilatlarında qərar qəbul etmə prosesində məhz gənclər təmsil olunmalıdır. Bu, gələcək kadrların formalaşdırılması üçün vacibdir. Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirən belə bir platformanın - Gənclər Təşkilatları Milli Şurasının yaradılması mühüm addımdır. Gənclər Təşkilatları Milli Şurasının vəzifəsi gənclər təşkilatları üçün dialoq mühiti, təcrübə mübadiləsi, dövlət orqanları ilə əməkdaşlıq üçün münbit şərait yaratmaq və beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Gənclər təşkilatları bu imkanlardan yararlanmalı və bu platformanın təkmilləşdirilməsində fəal iştirak etməlidirlər. Gələn il Azərbaycan üçün vacib hadisələr gözlənilir: Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü, prezident seçkiləri və EXPO-25 üçün Bakının namizədliyinin təsdiqlənməsi bu sıradadır. Gənclər təşkilatlarının bu proseslərdə aktiv iştirak etməsi mütləqdir. Gəncləri dövlətçilik prinsiplərini əsas tutmağa çağırırıq”.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, “22 il əvvəl Milli Şura yaradılanda həmin vaxt mətbuatda bu təşkilatın yaradılması ilə bağlı ətraflı müzakirələr aparılırdı. Şura təsis edildikdən sonra həyata keçirdiyi fəaliyyət bu platformanın yaradılmasının nə dərəcədə uğurlu olduğunu göstərdi. Həyata keçirilən layihələr bu qurumun fəaliyyətinin səmərəliliyini sübut edir. 2018-ci ildə də Milli Şura öz peşəkarlığını göstərməkdə və dövlət maraqlarına uyğun layihələr həyata keçirməkdə davam edəcək”.

Milli Məclisin gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov qeyd edib ki, “Milli Şura bundan sonra da uğurlu fəaliyyətini davam etdirəcək. Bu gün bizim üçün bir nömrəli məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Şura bu istiqamətdə reallaşdırılan layihələrdə, kampaniyalarda daha fəal iştirak etməli, öz sözünü deməlidir. Bu gün Prezidentimizin xarici siyasəti nəinki gənclər təşkilatları üçün, bütün qurumlar üçün prioritet istiqamət təşkil edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın tanıdılması üçün həyata keçirdiyi layihələr gənclərimiz və gənclər təşkilatları üçün əsas olmalıdır”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsaqzai qeyd edib ki, “Gənclər Təşkilatları Milli Şurasının ötən 22 ildə qazandığı nailiyyətləri təqdirə layiqdir. BMT Azərbaycan Hökuməti ilə əməkdaşlıqdan çox məmnunuq və bu işbirliyini yüksək qiymətləndiririk. BMT-nin gənclərin inkişafına xüsusi diqqət yetirir və Azərbaycanda da bu sahəyə yüksək qayğı göstərilir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev vurğulayıb: “Altı il əvvəl bu gün Gənclər Fondu yaradılıb. Ötən müddətdə Fond gənclər təşkilatlarına böyük dəstək verib. Bu günə qədər Gənclər Fondunun dəstəyi ilə respublika üzrə 4 minə yaxın layihə icra olunub. Milli Şurada Fondun layihələrində hər il fəal iştirak edir. Gənclər təşkilatlarını daha məsuliyyətli layihələr həyata keçirməyə çağırıram. Biz gənclər təşkilatlarına həmişə kömək etməyə hazırıq”.

Çıxışlardan sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə həyata keçirilən “Gənc Elçilər” proqramının iştirakçılarının mükafatlandırılma mərasimi baş tutub. Mərasimdə Proqramı müvəffəqiyyətlə baş vurmuş iştirakçılar dövlət rəsmiləri tərəfindən şəhadətnamə ilə təltif olunub. Məlumat üçün qeyd edək ki, “Gənc Elçilər” Proqramı Azərbaycanın gənc diplomatlarının və beynəlxalq əlaqələr üzrə mütəxəssislərin yetişdirilməsinə yönələn proqramdır. Proqrama müraciət etmiş yüzlərlə gənc arasından 32 nəfər proqramın iştirakçısı olub, 24 gənc elçi isə uğurla başa vurub. Proqram müddətində gənclər 27 beynəlxalq səfərdə olmuş, onlar üçün 20 təlim və praktiki fəaliyyət təşkil olunub.

Daha sonra konqres panellərlə davam edib. “Respublikamızda gənclər təşkilatlarının siyasi və ictimai proseslərdə, Azərbaycana qarşı aparılan kampaniyalara cavab tədbirlərində iştirakı” mövzusunda paneldə spiker qismində Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin nümayəndəsi Aydan Kərimli, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Nurxan Babayev, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının nümayəndəsi Nərgiz Xələf iştirak edib.

“Gənclər Təşkilatlarının fəaliyyətinin qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi və fəaliyyətinin strukturlaşdırılması” mövzusunda növbəti paneldə spiker qismində Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin nümayəndələri Teymur Süleymanzadə və Kənan Firdovsioğlu, Azərbaycan Respublikası Prezindenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, “Asan Könüllüləri” İctimai Birliyinin sədri Bəxtiyar İslamov iştirak edib.

Panellərdə spikerlərin mövzular üzrə fikirləri dinlənib, daha sonra gənclər təşkilatlarının rəhbər və nümayəndələrini maraqlandırılan suallar cavablandırılıb və təkliflər səsləndirilib.

Xatırladaq ki, Konqresin keçirilməsi haqqında təşəbbüs ilk dəfə 2012-ci ilin noyabrında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü il, ikinci dəfə isə 2015-ci ildə ölkənin 11 regionundan 200-dən artıq gənclər təşkilatının nümayəndələri, eləcə də beynəlxalq qurumların nümayəndələri iştirakı ilə həyata keçirilmişdir.