photo

10 fevral tarixində 100-dən artıq gəncin iştirakı ilə “Port Baku”-da “Xətdə” Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər XƏTDƏ” konfransı həyata keçiriləcək. Konfransda Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri, bu sahədə fəaliyyət göstərən və marağı olan fəal gənclərin iştirakı gözlənilir.

Layihənin məqsədi dövrümüzə onlayn fəaliyyətlərin genişlənməsi istiqamətində gənclərə informasiyanın verilməsi, uğur qazanmış spikerlərin məsləhətlərinin dinlənilməsi nəticəsində bir sıra gənclərin öz gələcək fəaliyyətlərini müəyyən etməsidir.

Tədbirdə iştirakçılara “Rəqəmsal marketinq nədir və günümüzdə üstünlükləri, xidmətləri nələrdən ibarətdir?” mövzu ətrafında rəqəmsal marketinq, sosial media və cəmiyyətə verdiyi təsirləri, sosial media üzərindən onlayn biznes qurmağın yolları haqqında ətraflı məlumat veriləcək. Daha sonra “Cəmiyyət XƏTDƏ”,  “Biznes XƏTDƏ”, “Cəmiyyət XƏTDƏ” və “Media XƏTDƏ” mövzusunda TEDx formatında bu sahədə öz sözünü demiş və biznesini qurmuş şəxslər çıxış edəcək. Tədbirin sonunda gəncləri bu sahədə maraqlandırılan suallar spikerlər tərəfindən cavablandırılacaq.

Tədbir haqqında ətraflı məlumat almaq istəyənlər www.xetde.nayora.az səhifəsinə daxil ola bilərlər. Tədbirdə iştirak etmək üçün son qeydiyyat tarixi  6 fevral 2018-ci il saat 18:00.

Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Bunu nəzərə alaraq Azərbaycan Gənclər Təşkilatları Milli Şurası tərəfindən (ARGTMŞ) 2013-cü ilin yanvar ayında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Xətdə” Proqramına start verilib. “Xətdə” proqramı çərçivəsində "Bakı 2015" 1-ci Avropa Oyunları ərəfəsində “twitter” sosial şəbəkəsində “creatweet” kampaniyası, 2016-cı il Ümümxalq Səsverməsi ərəfəsində “Retweet” referenduma dəstək kampaniyası, Xocalı faciəsi ərəfəsində “Xocalıya Ədalət” kampaniyasına dəstək fəaliyyətləri, 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı günü ərəfəsində “31 Mart: Azərbaycanlıların Soyqırımı Günü” onlayn fəaliyyətlər  həyata keçirilmişdir. Proqram çərçivəsində kampaniyalarla yanaşı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qeyri-hökumət təşkilatları tərəfindən sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsi üçün alətlərin yaradılması” layihəsi çərçivəsində “Xetde.az” elektron portalı yaradılıb. Portalın məqsədi gənclər və gənclər təşkilatları arasında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrdə təbliğat işlərinin görülməsində fəaliyyətlərinin artırılması və təbliğat alətlərindən yaradılması istifadəsi haqqında məlumatların verilməsidir.