photo

Gənclər Günü ərəfəsində ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası tərəfindən fəaliyyətlər davam etməkdədir. Növbəti fəaliyyət 4 fevral tarixində “Park Bulvar” AVM-də “We Can, I can” (Biz bacararıq, Mən bacararam)  sosial-xeyriyyə aksiyası baş tutacaq. Xeyriyyə aksiyası Milli Şuranın proqramı “Azərbaycan Könüllülük Xidmət” proqramı çərçivəsində Mərkəzi Qan Bankı və “Qan Donorları Asossasiyası” İctimai Birliyinin ilə tərəfdaşlığı ilə həyata keçirilir.

Aksiyasının əsas məqsədi 4 fevral – Dünya Xərçəng Gününün ölkəmizdə tanıdılması, xeyriyyəçilik fəaliyyətinin təbliği, cəmiyyətimizdə bu xəstəliyə tutulmuş şəxslərə qarşı diqqət yaratmaq, xəstəlikdən əziyyət çəkən şəxslərə maddi və qeyri-maddi dəstəyin təmin olunmasıdır.

Sosial-xeyriyyə aksiyası müddətində ziyarətçilər Xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrə maddi yardım göstərə, həmçinin, qan xərçəngindən əziyyət çəkən xəstələr üçün təşkil olunmuş qanvermə aksiyasında iştirak edə bilərsiniz. Aksiya çərçivəsində gənc ifaçıların iştirakı ilə xeyriyyə konsertinin də təşkili nəzərdə tutulub.

Dünya Xərçəng Gününün bir hissəsi olmaq, ehtiyacı olan insanlara yardım etmək istiyən gənclər www.aksiya.nayora.az səhifəsinə daxil olub ətraflı məlumat ala bilərlər.

Qeyd edək ki, aksiya müddətində toplanan maddi vəsait xeyriyyə məqsədilə Xərçəng xəstəliyindən əziyyət çəkən 7 yaşlı Ümid Qurbanova və 11 yaşlı Balacaxanım Əliyevanın müalicəsi üçün sərf olunacaq.

Məlumat üçün bildirək ki, ”Dünya Xərçəng Günü” 2008-ci ildən indiyə kimi hər il fevral ayının 4-də qeyd olunur. “Dünya Xərçəng Günü” çərçivəsində fəaliyyətlər son iki il ərzində “We can, I can” (Biz bacararıq, Mən bacararam) devizi ilə fəaliyyət göstərən kampaniya vasitəsilə koordinasiya edilir. Sözü gedən kampaniya indiyə qədər 166 ölkəni əhatə etmişdir.

“Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. 2013-cü ildə Milli Şura Proqram çərçivəsində 10 gənclər təşkilatlanı Milli Akreditasiya Sertifikatı ilə təmin edib. Həyata keçirilən proqramın ilkin hissəsi Quba, Gəncə, Lənkəran, Mingəçevir və Balakən şəhərlərində yaşayan 18-29 yaşlı gəncləri əhatə edib və proqram nəticəsində könüllülərarası şəbəkə yaradılmışdır. 2014-cü ildə Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran və Bakı şəhərindən Suraxanı, Sabunçu və Xəzər rayonlarında yerləşən Gənclər Evi və Mərkəzlərindən 15 qrup rəhbəri və 20 könüllü seçilərək Proqramda iştirak etmişdir. Bu gənclər arasında “Azərbaycan Könüllülük Xidməti” Proqramı tərəfindən 2014-cü il üzrə ilk dəfə olaraq “İlin Könüllüsü” nominasiyası üzrə mükafatlandırma mərasimi həyata keçirilib. Azərbaycan Könüllülük xidməti 2017-ci ildə də öz missiyalarını uğurla davam etdirmiş və ölkədə könüllüyə olan marağın artırılması, könüllülük vərdişlərinin yayılması istiqamətlərində iri miqyaslı layihələr ilə ictimaiyət qarşına çıxmışdır. Sözü gedən proqram çərçivəsində 2017-ci ildə də könüllü mübadilə proqramı baş tutmuşdur. Mübadilə Proqramı Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən  Quba, Gəncə, Lənkaran, Mingəçevir və Balakən olmaqla 5 müxtəlif regionda 5 fəal gəncin iştirakı ilə 1 ay müddətində həyata keçirilib.