photo

Ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası yenidən Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramı “Gənc Elçilər”ə start verir. Proqram Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Proqramın əsas məqsədi  Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “Gənc Elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır. Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi və proqram rəhbəri İlhamə Qasımzadə proqramı təlim, təcrübə və təmsilçilik komponentlərini özündə birləşdirməklə, həm gənclərin müvafiq sahələrdə nəzəri və praktiki olaraq maarifləndirilməsi, həm də Azərbaycanın beynəlxalq tədbirlərdə layiqli şəkildə təmsil olunması baxımdan unikal imkan olduğunu bildirib.

Ölkəni beynəlxalq arenada təmsil etmək, ölkənin “Gənc Elçi”si olmaq istəyən 18-29 yaş arası gənclər www.ambassadors.nayora.az səhifəsinə daxil olub qeydiyyatdan keçə bilərlər. Son qeydiyyat tarixi 25 fevral 2018-ci il.

“Gənc Elçilər” Proqramı gənclərə nə qazandırır? Gənclər Diplomatiya və təmsilçiliklə bağlı təlim və seminar, Beynəlxalq münasibətlər üzrə mütəxəssislər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə iştirak etmək imkanı əldə edəcəklər. “Gənc Elçilər” həmçinin, beynəlxalq tədbirlərdə ölkəni təmsil etmək, peşəkar və mehriban komandanın, “Gənc Elçilər Şəbəkəsinin” üzvü olmaq şansını qazanacaqlar.

“Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramı məqsəd və hədəflərinə çatmaq və proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb.  Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçiriləcək təlim və seminarların iştirakçısı olacaq. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçiriləcək. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və unudulmaz təcrübə əldə etmək imkanı qazanacaqlar.

Xatırldaq ki, “Gənc Elçilər” Proqramı ilk dəfə 2017-ci ildə start verilib. Proqrama 300-dən çox gənc müraciət etmiş və seçimlər nəticəsində 32 gənc proqramın elçisinə çevrilib. Proqram müddətində gənclər 27 beynəlxalq səfərdə olmuş, onlar üçün 20 təlim və praktiki fəaliyyət təşkil olunub. Sonda proqramı uğurla başa vurmuş 24 gənc şəhadətnamə ilə təltif olunub. Proqram iştirakçısı Sara Rəcəbli "Gənc Elçilər" proqramı savadlı, bilikli, peşəkar, ixtisasından aslı olmayaraq diplomatik şəkildə öz və ölkəsinin sözünü deyə bilən gənc olmağı öyrətdiyini qeyd edib. Proqramın digər iştirakçısı Elmir Muxtarov Proqram Azərbaycan xarici siyasətinin əsas istiqamətlərini, həm də xarici ölkələr və beynəlxalq təşkilatlarla olan əlaqələrini öyrənmək üçün əla vasitə olduğunu vurğulayıb.