Tarixçə

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycanın aparıcı gənclər təsisatıdır. Öz ətrafında 114 gənclər təşkilatını birləşdirən Milli Şura ölkə gəncləri və təşkilatların yeganə konfederativ sturukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.

ARGTMŞ 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Milli Şura 1997-ci ildən Avropa Gənclər Forumu (AGF) və Türk Dünyası Gənclər Birliyinin, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004-cü ildən isə İslam Konfransı Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvüdür.

2000-ci ildə AGF-nin tam hüquqlu üzvünə çevrilən ARGTMŞ 2004-cü ilədək Məşvərət Şurasında təmsil olunmuş, uzun müddətdən sonra - 2014-cü ildən yenidən Şuraya üzv seçilmişdir.

2002-ci ildə ARGTMŞ Avrasiya Beynəlxaq İnkişaf Assosiasiyası ilə birlikdə İslam Konfransı Gənclər Forumunun yaradilması təşəbbüsü ilə çıxış edərək 2003-cü ildə Bakı şəhərində Forumun təsisçilərinin 1-ci görüşünü təşkil edir. İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin 2004-cü ilin may ayında keçirilən 31-ci görüşündə isə təşəbbüsün dəstəklənməsi qərara alınır.

2012-ci illərdə Milli Şura xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlılardan ibarət “Dünya Azərbaycanlı Gənclər Birliyini”, 40-a yaxın ölkənin gənc liderləri və nümayəndələrinin iştirakı ilə isə “Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyi”ni təsis etmişdir.

2014-cü ilin dekabrın 9-da ARGTMŞ Dünya Gənclər Assambleyasına tamhüquqlu üzv kimi qəbul olunaraq dekabrın 10-da idarə heyətinə seçilir.

Missiya

Vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılması.

Məqsəd

ARGTMŞ öz tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.
Milli Şura öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.

Milli Şura qarşısında qoyduğu məqsəd və vəzifələri həyata keçirmək üçün aşağıdakı fəaliyyət formalarından istifadə edir:

Gənclərin problemlərinin həlli ilə bağlı müxtəlif proqramlar, layihələr hazırlamaq və müvafiq dövlət orqanlarına, beynəlxalq təşkilatlara və fondlara təqdim etmək;

Gəncləri maraqlandıran məsələlər üzrə müxtəlif forma və mövzularda tədbirlər keçirmək;

Gənclərə, onların təşkilatlarına maddi və mənəvi yardım etməyə çalışmaq;

Müştərək və ya kiçik müəssisələr, asudə vaxt və sosial xidmət mərkəzləri, müxtəlif xeyriyyə tədbirləri, marafonlar, uduş və xeyriyyə-idman lotereyaları təşkil etmək;

Kütləvi informasiya vasitələri təsis etmək;

Respublikada və xarici ölkələrdə keçirilən tədbirlərdə üzvlərin iştirakına kömək etmək;

Gənc liderlər üçün müxtəlif təcrübə kursları təşkil etmək;

Xarici ölkələrdə fəaliyyət göstərən gənclər təşkilatları, beynəlxalq gənclər qurumları ilə əlaqələr yaratmaq, onlarla nümayəndələr mübadiləsini həyata keçirmək və s.;

Qanunla qadağan olunmayan digər fəaliyyət formalarından istifadə edir.

 

 

“3G” strategiyası

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası öz məqsəd və vəzifələrinə çatmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı və missiyasına çatmaq üçün 2013-cü ildə “3G” (Gənclər) strategiyasını qəbul edib. “3G” strategiyası özündə 3 əsas prioritet istiqaməti birləşdirir və gənclərə yönəldilib. Əsas prioritet istiqamətlər bunlardır:
(1) gənclər siyasətinə dəstək, (2) gənclərin əməkdaşlıq imkanlarının artırılması və (3) gənclər təşkilatları institutunun gücləndirilməsi.