Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının əsas məqsədlərindən biri də milli, regional və beynəlxalq səviyyədə təmsil olunaraq beynəlxalq aləmdə layiqli yer tutmaqdır. Bu məqsədlə ARGTMŞ bir sıra beynəlxalq təşkilatlara üzv olmaqla bərabər həmtəsisçi statusunda çıxış edir.



Avropa Gənclər Forumu

Avropa Gənclər Forumu 1996-cı ildə təsis olunub və bu gün Avropanın 40 ölkəsinin 38 Gənclər Milli Şuraları və 61 beynəlxalq QHT-lərini birləşdirərək 10 milyondan çox gəncin maraqlarını əks etdirir. Təşkilatın əsas məqsədi gənclərin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının təmin edilməsi və gənclər təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsidir. ARGTMŞ ölkəmizin ən böyük milli gənclər platforması kimi 1997-ci ildən Avropa Gənclər Forumunun üzvüdür.



BMT-nin İqtisadi və Sosial Şurası

ARGTMŞ 2002-ci ildən BMT-də 54 dövlətin təmsil olunduğu İqtisadi və Sosial Şuranın (Economic and Social Council - ECOSOC) üzvüdür. Şura 14 ixtisaslaşmış müəssisə, 10 funksional və 5 regional komissiyanı əlaqələndirmək, BMT-nin 11 fond və proqramından məruzə almaqla yanaşı, üzv dövlətlərə və BMT-yə daxil olan təşkilatlara proqram xarakterli tövsiyələr verir.



Dünya Türk Gənclər Birliyi

1992-ci ildə təsis olunmuş Dünya Türk Gənclər Birliyi 18 ölkədən 36 türkdilli xalqın 40-dan çox təşkilatını özündə birləşdirir. Təşkilatın məqsədi bu ölkələrdə yaşayan gənclər arasında həmrəyliyin və əməkdaşlığın yaradılmasına kömək etməkdən ibarətdir. ARGTMŞ 1997-ci ildən Birliyin tamhüquqlu üzvü və həmtəsisçisidir.



Dünya Azərbaycanlı Gənclər Birliyi

Dünya Azərbaycanlı Gənclər Birliyi 2012-ci ildə 7 gənclər təşkilatı tərəfindən təsis olunub. Birliyin başlıca məqsədi Azərbaycanda və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmini, elm, təhsil, mədəniyyət, sahibkarlıq, idman, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması, dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərə səfərbər olunmasıdır. ARGTMŞ 2012-ci ildən Birliyin tamhüquqlu üzvü və həmtəsisçisidir.



“Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatı

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatı 2012-ci ildə təsis olunub. Təşkilatın məqsədi qədim tarixə malik İpək yolunun üzərində yerləşən ölkələrin gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək və onların ümumi maraqlarını təmsil etməkdir. ARGTMŞ 2012-ci ildən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının təsisçisi və tamhüquqlu üzvüdür.



Dünya Gənclər Assambleyası

Dünya Gənclər Assambleyası 1949-cu ildə təsis olunub və milli gənclər şuraları və təşkilatlarının beynəlxalq koordinasiya qurumudur. Hazırda özündə 120 təşkilatını birləşdirən Assambleya fəaliyyətini gənclərin məşğuliyyəti, əhali, sağlamlıq, cəmiyyətin inkişafı və liderlik təlimləri proqramları üzrə quraraq gənclər və gənclər təşkilatlarının inkişafına dəstək verir. 2014-cü ilin dekabrın 9-da ARGTMŞ Dünya Gənclər Assambleyasına tamhüquqlu üzv kimi qəbul olunaraq dekabrın 10-da idarə heyətinə seçilmişdir.



"PAN-AFRİKA" GƏNCLƏR BİRLİYİ (WWW.PANAFRİCANYOUTHUNİON.ORG)

"Pan-Afrika" Gənclər Birliyi 2003-cü ildə təsis olunub və Afrika qitəsinin 53 ölkəsinin gənclər təşkilatlarının birləşdiyi platformadır. ARGTMŞ 2013-cü ildə Birlik ilə rəsmi tərəfdaşlığa dair memorandum imzalamışdır.