photo

Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birlikdə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində həyata keçirilən onlayn fəaliyyətlər artıq başa çatıb. Onlayn fəaliyyətlərdə ümumillikdə onlarla gənclər təşkilatları və tələbə gənclər təşkilatlarının nümayəndələri daxil olmaqla 500-ə yaxın gənc iştirak edib.

Fəaliyyətlərin həyata keçirilmə məqsədi Azərbaycan reallıqlarının, soyqırım faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması və gənclərin “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmasını təmin edilməsidir.

Fəaliyyətlər çərçivəsində soyqırım haqqında məlumatlar toplanaraq, Azərbaycan, ingilis, rus, fransız, ibrit və fars dillərində tvitlər paylaşılıb. Paylaşımlar zamanı #31marchgenocide #31online həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsilə kütləvi çağırışlar edilib, Azərbaycan reallıqlarını özündə əks etdirən foto paylaşımlar və məlumatlar yerləşdirilib. 500 gənc tərəfindən müxtəlif dillərdə paylaşılan tvitlər 495.000 nəfərin profilində 3. 725.135 dəfə görülüb. #31marchgenocide #31online həştəqi ilə paylaşılan tvitlər kampaniya ərzində “Twitter Azərbaycan” rəsmi profilində ən çox paylaşılan tvitlər siyahısına düşüb.

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov: Bu il Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi və Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birlikdə sosial şəbəkələrdə soyqırım faktını maksimum şəkildə geniş yayılması məqsədi ilə 8 dildə paylaşımlar əsasən Twitter sosial şəbəkəsində aparılıb. Gənclərimiz tərəfindən edilən hər bir paylaşım vacibdir. Tviterin əsas istifadəçiləri müxtəlif ölkə prezidentləri, parlament üzvləri, beynəlxalq təşkilatların rəhbərləri və media nümayəndələri olduğunda bu tipli paylaşımlar vasitəsi ilə onların Azərbaycanlıların soyqırımı ilə bağlı məlumatlandırılması hədəflənmişdir. Kütləvi şəkildə paylaşımlar dünya ictimaiyyətinə bu faktı çatdırmağa qadir olduq.

Qeyd edək ki, Mart soyqırımı və ya mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunmuşdur.

Məlumat üçün bildirək ki, “XƏTDƏ” Proqramı – Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsinə, gənclərin internet şəbəkədə Azərbaycan maraqlarının təbliğinə cəlb olunmasına yönələn uzunmüddətli proqramdır. Bu günə qədər proqram çərçivəsində Azərbaycanın maraqlarının müdafiəsi məqsədi ilə uğurlu və genişmiqyaslı kampaniyalar həyata keçirilmişdir.