photo

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Mübadilə Proqramı davam edir. Proqrama seçilmiş gənclərlə orientasiya görüşü keçirilib.

Görüşdə gənclərə ilk öncə Milli Şura haqqında təqdimat keçirilib. Daha sonra Milli Şura tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülük Xidməti”in məqsədi və mahiyyətindən danışılıb. Görüş müddətində gənclərə Mübadilə Proqramı haqqında və fəaliyyət zamanı gənclərin görəcəyi işlərlə bağlı ətraflı məlumat verilib. Görüşdə gənclər 1 ay müddətində həyata keçirəcək tədbirləri müəyyən ediblər. 

“Azərbaycan Könüllülük Xidməti” çərçivəsində mübadilənin keçirilmə məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülük fəaliyyətinə həvəsləndirilməsi və onlar arasında könüllülük fəlsəfəsinin inkişafına təkan verilməsidir.

Mübadilə Proqramına seçilmiş gənclər Quba, Gəncə, Lənkaran, Mingəçevir və Balakən olmaqla 5 müxtəlif regiona 1 ay müddətində səyahət edib orada yerləşən Gənclər Evində fəaliyyət göstərəcəklər. Könüllülük sahəsində təcrübə qazanmaq, bacarıqlarını inkişaf etdirmək, səmərəli vaxt keçirtmək və müxtəlif mühitdə çalışmaq imkanı əldə edəcəklər.  

Proqramın iştirakçısı Elvin Seyfəddinov qeyd edib: “Mübadilə proqramına qoşulmaqda məqsədim özümü inkişaf etdirmək və bu günə qədər öyrəndiklərimi digər gənclərlə bölüşməkdir”.

Proqramın növbəti iştirakçısı Xasay Mirzəli öz fikrini bölüşüb: “Mənim bu layihəyə qoşulmaqda məqsədim region gəncləri ilə öz biliklərimi paylaşmaq və onlardan yeni məlumatlar öyrənməkdir. Bilik mübadiləsi və yeni dostlar qazanmaq ən böyük gözləntimdir”.

Qeyd edək ki, ’2002-ci ildə qəbul olunmuş “Gənclər siyasəti haqqında” AR Qanununun 2007-ci ildə əlavə olunmuş 5.5.-ci bəndinə uyğun olaraq “Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılmışdır”. “Gənclər evləri”nin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir.  Hal-hazırda “Gənclər evləri”nin sayı 30-a çatıb.

Məlumat üçün bildirək ki, “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, regionlarda yerləşən Gənclər Evlərində Könüllülərin fəaliyyətlərinin genişləndirilməsidir.

Xatırladaq ki, 2013-cü ildə Milli Şura Proqram çərçivəsində 10 gənclər təşkilatlanı Milli Akreditasiya Sertifikatı ilə təmin edib. 2014-cü ildə Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran və Bakı şəhərindən Suraxanı, Sabunçu və Xəzər rayonlarında yerləşən Gənclər Evi və Mərkəzlərindən 15 qrup rəhbəri və 20 könüllü seçilərək Mübadilə Proqramda iştirak etmişdir. Bu gənclər arasında “Azərbaycan Könüllülük Xidməti” Proqramı tərəfindən 2014-cü il üzrə ilk dəfə olaraq “İlin Könüllüsü” nominasiyası üzrə mükafatlandırma mərasimi həyata keçirilib.